cümə 20 mart 2026 - 08:04
Ayətullah Seyid Müctəba Xamenei Novruz bayramı münasibətilə xalqı təbrik edib

Hövzə | İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1405-ci şəmsi ilinin başlanması münasibətilə xalqı təbrik edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1405-ci şəmsi ilinin başlanması münasibətilə İran xalqına müraciət edib.

Müraciətin mətni aşağıdakı kimidir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ
یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ
یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ
حَوِّلْ حَالَنَا إِلَی أَحْسَنِ الْحَالِ


İl təhvil olarkən oxunan dua

Oxunuşu:

Ya muqəllibəl-qulubi vəl-əbsar,
ya mudəbbirəl-ləyli vən-nəhar,
ya muhəvviləl-həvli vəl-əhval,
həvvil haləna ila əhsənil-hal!

Tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə

Ey qəlbləri və baxışları dəyişdirən Allah!
Ey gecə ilə gündüzü hikmətlə idarə edən Allah!
Ey ili və insanların halını dəyişən Allah!
Halımızı ən gözəl hala doğru dəyiş!

Bu il mənəviyyat və təbiətin baharı olan Fitr bayramı ilə Novruz bayramı eyni vaxta təsadüf etmişdir. Bu iki mühüm bayram münasibətilə, xüsusilə də mübarək Fitr bayramı münasibətilə İran İslam Respublikasının əziz xalqını və bütün dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm.

Eyni zamanda, İslamın rəşadətli ordusunun əldə etdiyi mühüm və diqqətəlayiq qələbələr münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik etməyi özümə mənəvi borc hesab edirəm.

2011–2021-ci illəri əhatə edən Suriya müharibəsi dövründə, 19 yanvar 2018-ci il hadisələri zamanı, eləcə də 2011-ci ildən bu günədək baş vermiş düşmən təxribatları fonunda, həmçinin 11 fevral 1959-cu il İslam İnqilabının zəfər qazandığı ilk gündən etibarən bu günə qədər davam edən bütün döyüş və düşmən təxribatları nəticəsində dünyasını dəyişmiş bütün şəhid ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların acılarına şərik olduğumu bildirirəm.

1405-ci şəmsi ilinin başlanması münasibətilə bəzi qeydlərimi sizin ali diqqətinizə çatdırmaq istəyirəm.

İlk olaraq, ötən ilin bəzi mühüm hadisələrinə qısa nəzər salmaq istərdim. Keçən il əziz xalqımız üç müxtəlif hərbi və düşmənlərin törətdiyi təxribat ilə üzləşdi.

Birinci qarşıdurma iyun ayında baş verdi. Sionist düşmən ABŞ-ın birbaşa dəstəyi ilə danışıqların davam etdiyi bir zamanda namərdcəsinə hücum edərək ölkənin ən seçilmiş general və görkəmli alimlərindən bəzilərini, daha sonra isə təxminən min nəfər həmvətənimizi şəhid etdi. Düşmən ciddi hesab səhvinə yol verərək belə düşünürdü ki, bir-iki gün ərzində xalq özü İslam dövlətinə qarşı qalxacaq. Lakin sizin ayıq-sayıqlığınız, İslam ordusunun misilsiz şücaəti və böyük fədakarlıqları sayəsində çox keçmədən düşmənin aciz və çarəsizliyi aşkar oldu. Nəticədə, vasitəçilik təşəbbüsləri və qarşıdurmanı dayandırmaq cəhdləri ilə o, özünü uçurumun kənarından geri çəkməyə məcbur qaldı.

İkinci qarşıdurma yanvar hadisələri ilə bağlı idi. ABŞ və sionist rejim belə hesab edirdi ki, yaradılan iqtisadi çətinliklər nəticəsində İran xalqı düşmənin planlarını həyata keçirəcək. Onlar muzdlu qüvvələrdən istifadə edərək çoxsaylı faciələr törətdilər, əvvəlki hadisələrlə müqayisədə daha çox sayda həmvətənimizi şəhid etdilər və ölkəyə ciddi ziyan vurmağa nail oldular.

Üçüncü müharibə isə hazırda davam edən müharibədir. Bu müharibənin ilk günündə biz gözlərimiz yaşlı, qəlblərimiz kədərli və sarsılmış halda ümmətin mehriban atası, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin şəhid olma xəbərini eşitdik. O, ilahi rəhmətə, o cümlədən Allah dostları və şəhidləri yanında özü üçün müəyyən olunmuş uca məqama doğru tələsərək əbədi arzusuna çatdı.
Həmin gündən etibarən bu müharibənin digər şəhidləri də bizdən ayrılmağa başladılar. Onların arasından Şəcərə Təyyibə adına Minab şəhər tam orta məktəbinin şagirdləri, Dena hərbi gəmisinin heyət üzvləri, İslam Keşikçiləri Korpusu (SEPAH), Quru qoşunlar, İran İslam Respublikasının Dövlət Təhlükəsizlik Xidməti (FƏRƏCA) və Bəsic Təşkilatının şəhid komandir və döyüşçüləri, naməlum şəhidlər, fədakar sərhədçilər, eləcə də xalqımızın müxtəlif təbəqələrindən olan insanlar var idi. Bu dəyərli şəxsiyyətlərin hər biri gözlərimizin önündə son mənzilə yola salındılar.
Bu müharibə düşmən tam öz ümidini itirdikdən sonra baş verdi. Çünki düşmən elə hesab edirdi ki, İran xalqı dövlət daxilində iğtişaşlar törədərək içəridən dövləti ələ keçirəcəklər. Düşmən ümumiyyətlə belə bir yanlış təsəvvürə qapılmışdı ki, əgər onlar Ali Məqamlı Rəhbərə və hərbi generallara zərbə endirib onları şəhid etsə, xalq arasında qorxu və ümidsizlik yaradacaq, sizi meydanı tərk etməyə məcbur edəcək və bu yolla İran üzərində hakimiyyət quraraq onu parçalamaq xülyasını reallaşdıracaq.
Lakin siz müqəddəs Ramazan ayında orucu cihadla birləşdirərək ölkə miqyasında geniş bir müdafiə xətti yaratdınız. Hər bir meydan, məhəllə və məscid möhkəm bir səngərə çevrildi və bu birlik sayəsində düşmənə sarsıdıcı və gözlənilməz bir zərbə endirildi. Beləliklə də, o, məntiqdən kənar və idrak zəifliyinin əlaməti olan ziddiyyətli sözlər söyləməyə və müxtəlif mənasız bəyanatlar verməyə başladı.

Siz 12 yanvar (22 Dey) tarixində baş verən iğtişaşları yatırtmaqla və həmçinin 11 Fevral (22 Bəhmən) tarixində düşmənə qarşı çıxmaqla qlobal təkəbbürə bir daha qətiyyətlə dayandığınızı və güclü iradənizi nümayiş etdirdiniz. Qüds gününə təsadüf edən 13 Martda (22 Esfənd) isə düşmənə qarşı etdiyiniz möhtəşəm yürüş nəticəsiylə zərbə vuraraq onlara başa saldınız ki, onun qarşısında yalnız raket, pilotsuz uçuş aparatları (PUA) və hərbi qüvvələr dayanmır. İranın ön cəbhəsi düşmənin kiçik və naqis təsəvvüründən qat‑qat genişdir. Mən burada bu böyük qəhrəmanlığı yaratdıqlarına görə əziz xalqımızın hər birinə təşəkkür etməyi vacib bilirəm. Həmçinin cənab prezidentə və bu mərasimdə sadə və təmtəraqsız şəkildə xalqın arasında iştirak edən digər məsul şəxslərə də təşəkkür edirəm. Bu cür davranış və onun nümayiş etdirilməsi özlüyündə çox bəyənilən bir haldır və millətlə hakimiyyət arasında həmrəyliyi daha da möhkəmləndirə bilər.  

Hazırda siz həmvətənlərimizin arasında din, fikr, mədəniyyət və siyasi mənşə fərqlərinə baxmayaraq yaranmış bu qeyri‑adi birlik nəticəsində düşmən tamamilə ümidsizliyə qapılmışdır. Bunu Allah Təalanın xüsusi neməti hesab etmək lazımdır və bu nemətə görə həm dil, həm qəlb, həm də əməl ilə çoxlu şükür etmək gərəkdir. Dəyişməz qaydalardan biri budur ki, hər hansı bir nemətə şükür edildikdə, şükürün miqdarına uyğun olaraq o nemətin sayıda çoxalır. Hazırda əməldə şükür etmək baxımından zəruri olan budur ki, biz bu böyük neməti yalnız Allah Təala tərəfindən verilmiş bir rəhmət hesab edək və mümkün qədər ondan düzgün istifadə edək. Bu halda bu həmrəylik daha da möhkəmlənəcək, düşmənləriniz isə daha da alçalacaq və rüsvay olacaqlar. Bunlar 1404-cü şəmsi ilinin (2025) bəzi mühüm hadisələrinə qısa bir baxış idi.

Lakin indi 1405-ci şəmsi (2026-cı il 20 mart) ilin astanasında bir neçə məsələ ilə üz‑üzəyik. Bunlardan biri müqəddəs Ramazan ayının 1447-ci hicri qəməri ili ilə vidalaşmağımızdır. Bu ayın Qədr gecəsində qəlbləriniz yüksək mənəviyyat aləminə yönəldi və dua edərək mərhəmətli Allahı çağırdıq, o da öz mərhəmət nəzərini bizə yönəltdi. Siz İmam Zaman (ə.f) və onun Allahından qələbə, zəfər, salamatlıq və müxtəlif hacət və arzular istədiniz. Şübhəsiz ki, bu dövlət siatemini və bu millətə daim göstərilən ilahi inayətlər nəzərə alınaraq, Allahın yardımı sayəsində ya qəlbinizdə istədiyinizin eynisini, ya da ondan daha üstününü əldə edəcəksiniz. Bu vidalaşma ilə eyni zamanda ( hansı ki, insanların mərifəti nə qədər çox olarsa, bir o qədər acı və kədərli olar)  mübarək və bərəkətli Şəvval ayının səadətli hilalını qarşılayır və uca Allahın bayram hədiyyəsini qorxu və ümid arasında gözləyirik. Ümid edirəm ki, siz əziz və dəyərli xalqımızın gecə‑gündüz məsuliyyətli iştiraklarından və Qüds günü qəhrəmanlığının yaradılmasından sonra uca Allah bizə onun lütfü sayəsində alışdığımız şəkildə yalnız öz kərəm, mehriban, bağışlama və geniş mərhəməti ilə  davranacaq. Xüsusilə ümid edirik ki, Allahın yardım və kərəmi ilə tezliklə mövlamız həzrət İmam Zamanın (ə.f) zühuru ilə o həzrətin mübarək qəlbini sevinc ilə doldursun ki, bunun nəticəsində bütün insanlar rifah içərisində yaşasınlar.

Üzləşdiyimiz digər məsələ isə Novruz bayramı münasibətidir. Bu bayram təbiətin bəxş etdiyi yenilənmə, təravət və həyat ruhunu özü ilə gətirən bir töhfədir. Bu isə sevinc və şadlıqla tam uyğunluq təşkil edir.

Digər tərəfdən isə ümumxalq üçün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin, eləcə də digər şəhidlərin artıq aramızda olmadığı ilk ildir. Xüsusilə şəhid ailələrinin və onların yaxınlarının qəlbləri əzizlərini itirdiklərinə görə dərd içindədir. Bununla yanaşı, mən öz payıma və ətrafımda bir neçə şəhid olan sadə bir vətəndaş kimi belə hesab edirəm ki, biz hərçənd matəm libası geymişik və qəlblərimiz bütün şəhidlər üçün kədər və qəmlə doludur. Lakin bu günlərdə gənclərimizin ailə həyatı qurmasına çox sevinirik və inşallah şəhid Ali Məqamlı Rəhbərin və bu müharibənin digər böyük şəhidlərinin duası bu əzizlərin həyatına xoşbəxtlik gətirsin. Həmçinin tövsiyə edirəm ki, bütün insanlar bu günlərdəki bayram adət ənənələrini şəhid ailələrinin yaxınlarına hörmət göstərmək və onların vəziyyətini nəzərə almaq şərti ilə həyata keçirsinlər. Mümkün olarsa və lazımi razılaşma əldə edilərsə, hər bir məhəllənin sakinləri yeni il görüşlərini həmin məhəllənin şəhidlərini ehtiramla yad etməklə başlaya bilərlər. Əlbəttə, dövlətin İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin şəhadəti münasibətilə müəyyən etdiyi matəm müddəti öz qüvvəsində qalır və onun qorunması və riayət edilməsi bu dövlət və ölkənin əzəmətinin bir tərəfi hesab olunur.

Bu sözlərdən sonra qısa şəkildə başqa bəzi məqamları da qeyd etmək istəyirəm.

Birincisi, bu günlərdə meydan, məhəllə və məscidlərdə iştirak etməklə yanaşı, əlavə səylə sosial rollarını daha qabarıq şəkildə yerinə yetirən şəxslərə xüsusi təşəkkür etməliyəm. Bunların sırasında dövlət və özəl sektora aid bəzi istehsalat vahidləri, bəzi xidmət sahələrinin nümayəndələri və xüsusilə də peşələri bunu tələb etmədiyi halda müxtəlif faydalı xidmətləri xalq üçün pulsuz şəkildə təqdim edən şəxslər kifayət qədər çoxdur. Belə insanlara öz növbəmdə xüsusi təşəkkürümü bildirirəm.

İkincisi, düşmənin fəaliyyət istiqamətlərindən biri onun media əməliyyatlarıdır ki, bu günlərdə xüsusilə bəzi insanların düşüncə və psixologiyasını hədəfə alaraq milli birliyə və bunun nəticəsi olaraq milli təhlükəsizliyə xələl gətirmək niyyəti daşıyır. Biz diqqətli olmalıyıq ki, səhlənkarlıq nəticəsində və öz əlimizlə bu bəd niyyətin həyata keçməsinə imkan verməyək. Buna görə də ölkəmizin daxili media qurumlarına, o cümlədən onların fikr, siyasət və mədəniyyət baxımdan mümkün fərqlərinə baxmayaraq tövsiyəm budur ki, zəif nöqtələrə toxunmaqdan ciddi şəkildə çəkinsinlər. Əks halda düşmənin məqsədinə çatması üçün imkan yarana bilər.

Üçüncüsü, düşmənin ümid qapılarından biri uzun müddətdir formalaşmış iqtisadi və idarəçilik zəifliklərindən istifadə etməkdir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xamenei ( Allah rəhmət eləsin) müxtəlif illərdə əsas diqqəti və ilin şüarını iqtisadi məsələlərə yönəltmişdi. Bu aciz bəndənin fikrincə, xalqın yaşayışının təmin edilməsi, həyat və rifah infrastrukturlarının yüksəldilməsi və bütün xalq üçün sərvət yaradılması əsas məsələdir və düşmənin başlatdığı iqtisadi müharibə qarşısında bir növ müdafiə, hətta əhəmiyyətli irəliləyiş hesab edilə bilər. Mənim üçün müxtəlif sosial təbəqələrdən olan dəyərli insanların sözlərini dinləməyin özü böyük bir nemət olmuşdur. Məsələn, müəyyən bir müddət ərzində tanımadığım bir heyətlə birlikdə, öz istəyimlə çağırdığım taksilərdə sizinlə Tehranın küçələrində yol yoldaşı olur, dediklərinizi diqqətlə dinləyirdim. Bu cür müşahidə və nümunə götürməyi bir çox sorğu və araşdırmalardan daha dəyərli hesab edirdim. Çox vaxt mənim qənaətlərim sizin fikirlərinizlə üst-üstə düşürdü. Bu fikirlər isə adətən iqtisadi və idarəetmə məsələlərinə dair müxtəlif tənqidi yanaşmalar şəklində ifadə olunurdu. 

Bu müddət ərzində sizdən çox şey öyrəndim və hələ də yeni biliklər qazanmaq axtarışındayam. O cümlədən, mübarək Ramazan ayının 19-cu gecəsində keçirilən tədbirlərdə iştirak edən müxtəlif şəxslərlə ünsiyyət nəticəsində də bir sıra mühüm məqamları mənimsədim. Ümid edirəm ki, bu mənəvi və elmi nemətdən daim bəhrələnə bilim.

Bu öyrənib eşitdiklərim və apardığım digər araşdırmalar əsasında mümkün qədər hərtərəfli, mütəxəssislər tərəfindən hazırlanmış və təsirli bir müalicə proqramının tərtibi istiqamətində ciddi səylər göstərilmişdir. Allaha şükürlər olsun ki, bu istiqamətdə qəbul edilə bilən nəticələr əldə olunmuşdur və inşallah, yaxın zamanda xalqın geniş əməkdaşlığı ilə yüksək iradəyə malik məsul şəxslər tərəfindən icraya təqdim ediləcəkdir.

Sonda isə şəhid Ayətullah Seyid Əli Xameneini nümunə götürərək, bu ilin şüarını belə ifadə edirəm: Milli birlik və təhlükəsizliyin sayəsində müqavimət iqtisadiyyatı.

Dördüncüsü və nəhayət, mənim ilk bəyanatda qonşu ölkələrlə münasibətlər barədə dövlətimizin baxışı və siyasəti ilə bağlı qeyd etdiyim məsələ ciddi və real bir məsələdir. Biz qonşuluq amilindən əlavə başqa mənəvi ünsürlər də tanıyırıq ki, onların başında İslamın müqəddəs dininə bağlılıqda ortaqlıq dayanır. Həmçinin bəzi ölkələrdə müqəddəs ziyarətgahların və müqəddəs məkanların mövcudluğu, bəzi digər ölkələrdə çoxlu sayda iranlının işləməsi, bəzi ölkələrdə isə ortaq etnik mənsubiyyət, ortaq dil və ya xüsusilə qlobal təkəbbür cəbhəsinə qarşı ortaq strateji maraqlar kimi amillər vardır ki, onların hər biri öz yerində yaxşı münasibətlərin möhkəmlənməsinə səbəb ola bilər. O cümlədən şərq qonşularımızı özümüzə çox yaxın hesab edirik. Mən bir neçə il öncə Pakistan barədə bildirmişəm ki, qardaş Pakistan ölkəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneiyə xüsusi rəğbət bəsləyən bir ölkədir. Bunun bariz nümunəsi isə Pakistan xalqının cümə namazı xütbələrində onların hüzünlü və qəhərli şəkildə danışıqları idi. Mən də müxtəlif səbəblərə görə həmişə belə düşünmüşəm və müxtəlif toplantılarda bunu ifadə etməkdən çəkinməmişəm. Elə burada demək istəyirəm ki, iki qardaş ölkəsi, Əfqanıstan və Pakistan Allah rızası naminə və müsəlmanların birliyinin pozulmaması üçün daha yaxşı münasibətlər qurmalıdırlar və mən öz payıma lazım olan addımları atmağa hazıram.

Həmçinin qeyd edirəm ki, Türkiyə və Oman ölkəsində də münasibətlərimiz normaldır. Həmin ölkələrin bəzi nöqtələrinə qarşı həyata keçirilmiş hücumlar heç bir halda İran İslam Respublikasının silahlı qüvvələri və ya müqavimət cəbhəsinin digər qüvvələri tərəfindən həyata keçirilməmişdir. Bu, sionist düşmənin yalançı bayraq hiyləsindən istifadə etməklə İran İslam Respublikası ilə onun qonşuları arasında ixtilaf yaratmaq üçün həyata keçirdiyi bir hiylədir və belə hadisələr başqa bəzi ölkələrdə də baş verə bilər. Bu məsələ ilə bağlı yuxarıda qeyd etmişəm.

Ümid edirəm ki, İmam Zamanın (ə.f) duası və uca yaradanın köməyi ilə qarşıdakı il millətimiz, o cümlədən bütün qonşularımız, müsəlman xalqları, xüsusilə müqavimət cəbhəsinin üzvləri üçün gözəl uyğurlar, eləcə də maddi və mənəviyyatla dolu bir il olacaqdır. İslamın və bəşəriyyətin düşmənləri üçün isə belə olmayacaqdır.  

وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ. وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ.


Biz o torpaqlarda əzilənlərə (İsrail oğullarına) lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik. Biz onlara o torpaqlarda hökmranlıq vermək, Firona, Hamana və ordularına qorxduqları şeyi göstərmək istəyirdik. Qasas surəsi, 5 və 6-cı ayə 

Uca Allah və onun əziz Peyğəmbəri (s) doğru demişdir və biz buna şahid olanlardanıq.

Allahın rəhmət və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei 

20 mart 2026
29 esfənd 1404

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha